top of page

“Erkən uşaq inkişafı və qayğısı” adlı beynəlxalq konfrans

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova Gürcüstanın Batumi şəhərində “Erkən uşaq inkişafı və qayğısı” adlı beynəlxalq konfransda iştirak edib. “Azərbaycanda yeni məktəbəqədər təhsil modeli” adlı mövzusunda təqdimatla çıxış edən İlahə Rəsulova “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi barədə ətraflı məlumat verib.

Ümumilikdə, 150 gürcü və beynəlxalq mütəxəssisin iştirakı ilə 95 mövzunu əhatə edən konfrans Gürcüstan Təhsil Nazirliyinin, Acara Muxtar Respublikasının Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə UNICEF və Batumi Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

2-3 iyun tarixlərində baş tutan konfransın məqsədi erkən uşaqlıq təhsili və qayğısının keyfiyyəti, əlçatanlığı, inklüzivlik tərəfləri ətrafında akademik müzakirə və bilik mübadiləsi aparmaq olub. Konfrans müddətində COVID-19 pandemiyasının təsiri, erkən uşaqlıq təhsilinə innovativ və alternativ yanaşmalar, erkən uşaqlıq təhsilində oyunun rolu, erkən uşaqlıq təhsili kontekstində uşaq hüquqları, peşəkar səriştələr, təlimlər və peşəkar inkişaf, müsbət valideynlik üçün valideynlərə dəstək, inklüziv təcrübə və erkən müdaxilə, qaydalar və mövcud milli standartlar kimi mövzularda tematik panel müzakirələr baş tutub.

Konfransda Gürcüstan Parlamentinin, mərkəzi və yerli hökumətlərin, elmi dairələrin, beynəlxalq təşkilatların, yerli vətəndaş cəmiyyəti təşkilatlarının, məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.


 


bottom of page