top of page

Layihə çərçivəsində onlayn təlimlərə start verilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində İcma əsaslı məktəbəqədər təhsil qruplarında işləyəcək yeni tərbiyəçi-müəllimlər üçün təlimlər keçirilir.

Layihə çərçivəsində hər tədris ilindən əvvəl yeni tərbiyəçi-müəllimlər üçün təşkil edilən təlimlərin əsas məqsədi tərbiyəçi-müəllimləri tədris ilinə hazırlamaq və onları erkən uşaq inkişafı barədə müvafiq mövzularda maarifləndirməkdir.

Təlimlərə ümumilikdə 196 yeni tərbiyəçi-müəllim cəlb edilməsi nəzərdə tutulubb. Qeyd edək ki, ölkə ərazisindəki xüsusi karantin rejimi ilə bağlı olaraq, təlimlər ötən illərdən fərqli şəkildə - onlayn formatda keçirilir.

Tərbiyəçi-müəllimlərin yeni tədris ilinə tam hazır olması üçün peşəkar təlimçilər tərəfindən aşağıdakı təlim mövzuları tərtib olunub:

  • Uşaqlarda koqnitiv sferanı necə inkişaf etdirməli?

  • Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi və praktik oyunlar

  • Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası.

  • Diferensiallaşdırma və fərdi yanaşma.

  • “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin dərs proqramı.

  • İcma əsaslı Təhsil Mərkəzlərində uşaqlar ilə səhər görüşünün təşkili.

  • İnkişafetdirici mühit nədir və onun yaradılması.

  • Uşaqların inkişaf xüsusiyyətləri.

Erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilən bu layihə çərçivəsində təşkil edilən təlimlərin sentyabrın 30-a qədərdavam etdirilməsi planlaşdırılıb.

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi 2020-2021-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının 50 şəhər və rayonunda 500 İcma əsaslı məktəbəqədər təhsil qruplarını əhatə edəcək. Bu layihədə hər bir İcma əsaslı məktəbəqədər təhsil qrupunda 20 uşaq olmaqla, ümumilikdə 10 min nəfər 3-4 yaşlı uşaq iştirak edəcək.






bottom of page