top of page

İcma Əsaslı Məktəbəqədər Təhsil qrupları üzrə İşə Qəbul Portalından İstifadə Təlimatı

  • 15 Tem
  • 6 dakikada okunur

İcma Əsaslı Məktəbəqədər Təhsil qruplarında müəllimlərin işə qəbulu prosesində namizədlərin qeydiyyat, müraciət və müraciətin izlənilməsi mərhələlərini rahat və düzgün şəkildə tamamlamaları məqsədilə bu istifadə təlimatı hazırlanmışdır.


Təlimatda vakansiya.ilk5il.az portalından istifadə qaydaları addım-addım izah olunur və hər bir mərhələ şəkillərlə müşayiət edilir.


Təlimat vasitəsilə aşağıdakı mərhələlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz:


  1. Qeydiyyat

  2. Şəxsi Kabinet

  3. E-poçt və Mobil Nömrə

  4. Şəxsi Kabinetdən İstifadə

  5. Region və Təhsil Müəssisəsi

  6. Şəxsi Məlumatlar

  7. Sosial Status və İmtiyaz

  8. Təhsil

  9. İş təcrübəsi

  10. Peşəkar İnkişaf

  11. Müraciətin Təsdiqi və Status

  12. Texniki Dəstək


Namizədlərə müraciət prosesinə başlamazdan əvvəl təlimatla diqqətlə tanış olmaları tövsiyə edilir. Təlimatda göstərilən ardıcıllığa əməl olunması qeydiyyat və müraciət prosesinin daha sürətli, düzgün və problemsiz tamamlanmasına, həmçinin məlumatların düzgün daxil edilməsinə kömək edəcəkdir.


İşə qəbul prosesi ilə bağlı yeniliklər, elanlar və əlavə məlumatlar mütəmadi olaraq rəsmi internet səhifəmizdə və sosial media hesablarımızda paylaşılacaq.

Qeyd: Müraciət yalnız bir vakansiya üzrə edilə bilər. Müraciəti təsdiqlədikdən sonra digər vakansiyalar üzrə müraciət etmək mümkün olmayacaq. Buna görə də bütün məlumatlarınızı və seçdiyiniz vakansiyanı təsdiqləməzdən əvvəl diqqətlə yoxlamağınız tövsiyə olunur.


  1. Qeydiyyat


İşə qəbul prosesinə başlamaq üçün əvvəlcə vakansiya.ilk5il.az portalına daxil olun.

Əgər sistemdə artıq hesabınız varsa, qeydiyyat zamanı istifadə etdiyiniz e-poçt ünvanı və şifrə ilə daxil olun.


Əgər ilk dəfə müraciət edirsinizsə, "Hesabınız yoxdur? Qeydiyyatdan keçin" bölməsinə klik edərək yeni hesab yaradın.


Qeyd: Qeydiyyat zamanı istifadə etdiyiniz e-poçt ünvanını və şifrənizi yadda saxlayın. İstifadə etdiyinizin e-poçt ünvanı sadəcə istifadəçi adıdır, e-poçt ünvanı şifrəsi tələb olunmur. Sonrakı mərhələlərdə şəxsi kabinetə daxil olmaq və müraciətinizi izləmək üçün bu məlumatlardan istifadə edəcəksiniz.




  1. Şəxsi Kabinet


Qeydiyyat formasında tələb olunan bütün məlumatları diqqətlə və düzgün daxil edin. Şəxsi məlumatlarınız rəsmi sənədlərinizdə göstərilən məlumatlarla tam uyğun olmalıdır.


Daxil edilməli əsas məlumatlar:


  • Ad, soyad və ata adı;

  • Doğum tarixi;

  • Cins;

  • FİN kodu;

  • Elektron poçt ünvanı;

  • Mobil telefon nömrəsi;

  • Şifrə və şifrənin təkrarı.


Məlumatları doldurduqdan sonra onların düzgünlüyünü bir daha yoxlayın. Yanlış və ya natamam məlumatlar qeydiyyat prosesində çətinlik yarada və sonrakı mərhələlərə təsir göstərə bilər.

Diqqət!
  • FİN kodu şəxsiyyət vəsiqənizdə qeyd olunduğu kimi daxil edin.

  • Aktiv istifadə etdiyiniz e-poçt ünvanı və mobil telefon nömrəsini qeyd edin.

  • İşə qəbul prosesi ilə bağlı bütün bildirişlər bu əlaqə vasitələri üzərindən göndəriləcək. Güclü və yadda saxlaya biləcəyiniz şifrə seçin.



Qeydiyyatı tamamlamazdan əvvəl bütün xanaları yenidən nəzərdən keçirin və məlumatların düzgün daxil edildiyinə əmin olun.



  1. E-poçt və Mobil Nömrə


Qeydiyyat zamanı daxil etdiyiniz mobil telefon nömrəsinə birdəfəlik təsdiq (SMS) kodu göndəriləcək.


Telefon nömrənizə göndərilən 5 rəqəmli təsdiq kodunu müvafiq xanaya daxil edərək "Təsdiqlə" düyməsini seçin. Telefon nömrəniz təsdiqləndikdən sonra qeydiyyat prosesinin növbəti mərhələsinə keçə bilərsiniz.

Diqqət!
  • Qeydiyyat zamanı aktiv istifadə etdiyiniz mobil telefon nömrəsini daxil edin.

  • İşə qəbul prosesi ilə bağlı SMS bildirişləri və təsdiq kodları bu nömrəyə göndəriləcək.

  • Mobil telefon nömrəsini daxil edərkən bütün rəqəmlərin düzgün yazıldığına diqqət yetirin. Yanlış daxil edilmiş nömrə səbəbindən təsdiq kodunu qəbul edə bilməyəcəksiniz.

  • SMS kodunun gəlməsi bir neçə dəqiqə çəkə bilər. Kod sizə çatmadıqda "Kodu yenidən göndər" düyməsindən istifadə edin.

  • Təhlükəsizliyiniz üçün təsdiq kodunu digər şəxslərlə paylaşmayın.




  1. Şəxsi Kabinetdən İstifadə


 Qeydiyyatınız uğurla tamamlandı və şəxsi kabinetiniz yaradıldı.


Artıq qeydiyyat zamanı istifadə etdiyiniz e-poçt ünvanı və şifrə ilə sistemə daxil olaraq şəxsi kabinetinizdən istifadə edə bilərsiniz.


Diqqət!
  • Qeydiyyat zamanı istifadə etdiyiniz e-poçt ünvanını və şifrənizi yadda saxlayın. Bu məlumatlar şəxsi kabinetinizə daxil olmaq üçün tələb olunacaq.

  • Şifrənizi unutduğunuz halda "Şifrəni unutmusunuz?" funksiyasından istifadə edərək yeni şifrə yarada bilərsiniz.

  • Şəxsi kabinetinizə yalnız öz məlumatlarınızla daxil olun və giriş məlumatlarınızı digər şəxslərlə paylaşmayın.


💡 Tövsiyyə: Şəxsi kabinetinizə ilk dəfə daxil olduqdan sonra profil məlumatlarınızı tam şəkildə doldurun və tələb olunan sənədləri əlavə edin. Bu, vakansiyalara müraciət prosesini daha sürətli və rahat həyata keçirməyə imkan verəcək.



  1. Region və Təhsil Müəssisəsi


Şəxsi kabinetinizə daxil olduqdan sonra müraciət etmək istədiyiniz vakansiyanı seçin.


Bunun üçün aşağıdakı ardıcıllığa əməl edin:

  1. Regionu seçin;

  2. Müraciət etmək istədiyiniz təhsil müəssisəsini seçin;

  3. Uyğun vakansiyanı seçərək "Müraciət et" düyməsini sıxın.

Vakansiya seçimini etdikdən sonra müraciətiniz sistemdə qeydiyyata alınacaq və növbəti mərhələlər barədə məlumat şəxsi kabinetinizdə əks olunacaq.

Diqqət!
  • Namizəd yalnız bir vakansiyaya müraciət edə bilər.

  • Müraciətinizi "Yeni müraciət" statusunda təsdiqlədikdən sonra başqa vakansiyaya müraciət etmək mümkün olmayacaq.

  • Vakansiyanı seçməzdən əvvəl təhsil müəssisəsinin yerləşdiyi ərazi, vakansiya şərtləri və digər məlumatlarla diqqətlə tanış olun.


💡 Tövsiyyə: Müraciətinizi təsdiqləməzdən əvvəl seçdiyiniz regionu, təhsil müəssisəsini və vakansiyanı bir daha yoxlayın. Təsdiqdən sonra vakansiyanın dəyişdirilməsi və ya əlavə vakansiyaya müraciət mümkün olmaya bilər.




Müraciət etdiyiniz vakansiyanı seçdikdən sonra vakansiya ilə bağlı tələb olunan məlumatları diqqətlə doldurun.


Bu mərhələdə aşağıdakı məlumatları qeyd edin:

  • Rayon/şəhər;

  • Məktəb və ya mərkəz;

  • Müraciət etdiyiniz vakansiya;

  • Yaşadığınız ünvandan təhsil müəssisəsinə olan məsafə (km);

  • Təhsil müəssisəsinə hər gün gediş-gəliş imkanınızın olub-olmaması.


Bütün məlumatları düzgün daxil etdikdən sonra "İrəli" düyməsini seçərək növbəti mərhələyə keçin.

Diqqət!
  • Vakansiya ilə bağlı bütün məlumatları diqqətlə yoxlayın.

  • Məsafə və gündəlik gediş-gəliş imkanına dair məlumatları düzgün qeyd edin. Bu məlumatlar namizədin iş şəraitinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

  • Müraciəti tamamlamaq üçün bütün mərhələləri ardıcıllıqla doldurmaq vacibdir.

  • Məlumatları sonradan davam etdirmək istəyirsinizsə, "Qaralama saxla" funksiyasından istifadə edə bilərsiniz.


💡 Tövsiyyə: Hər mərhələni tamamladıqdan sonra məlumatları bir daha nəzərdən keçirin və yalnız düzgünlüyünə əmin olduqdan sonra "İrəli" düyməsini seçin.




  1. Şəxsi Məlumatlar


Şəxsi kabinetinizdə əks olunan məlumatların düzgünlüyünü diqqətlə yoxlayın. Bütün məlumatların doğru olduğuna əmin olduqdan sonra növbəti mərhələyə keçmək üçün "İrəli" düyməsini klikləyin.


Diqqət yetirilməli məqamlar:

  • Şəxsi məlumatlarınızın (ad, soyad, ata adı, doğum tarixi və s.) düzgün daxil edildiyini yoxlayın.

  • Faktiki və qeydiyyat ünvanlarınızı diqqətlə nəzərdən keçirin.

  • Mobil nömrə, WhatsApp nömrəsi və e-poçt ünvanınızın aktiv və düzgün olduğundan əmin olun. İşə qəbul prosesi ilə bağlı bütün bildirişlər bu əlaqə vasitələri üzərindən göndəriləcək.

  • Hər hansı yanlışlıq aşkar etdikdə məlumatları düzəldin və yalnız bundan sonra "İrəli" düyməsini klikləyin.

Qeyd: Yanlış və ya natamam məlumatların təqdim edilməsi müraciətinizin qiymətləndirilməsi və sizinlə əlaqə saxlanılması prosesində çətinlik yarada bilər. Buna görə bütün məlumatları diqqətlə yoxlamağınız tövsiyə olunur.



  1. Sosial Status və İmtiyaz


Bu mərhələdə sosial status və ya hər hansı imtiyazınızın olub-olmadığını düzgün şəkildə qeyd edin.

  • Sosial status və ya imtiyazınız varsa, "Bəli" seçimini edin və sistemin tələb etdiyi məlumatları tam şəkildə daxil edin.

  • Sosial status və ya imtiyazınız yoxdursa, "Xeyr" seçimini edin.

  • Məlumatları daxil etdikdən sonra növbəti mərhələyə keçmək üçün "İrəli" düyməsini klikləyin.

Diqqət: Sosial status və imtiyaz məlumatlarını yalnız rəsmi təsdiqedici sənədləriniz olduğu halda qeyd edin. Yanlış və ya əsassız məlumatların təqdim edilməsi müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.




  1. Təhsil


Bu mərhələdə təhsilinizə dair bütün məlumatları düzgün və tam şəkildə daxil edin.


  • Təhsil səviyyənizi, təhsil müəssisəsinin adını, ixtisasınızı və bitirmə ilinizi qeyd edin.

  • Diplom və ya şəhadətnamənizin skan edilmiş surətini PDF, JPG və ya PNG formatında sistemə yükləyin.

  • Məlumatları diqqətlə yoxladıqdan sonra növbəti mərhələyə keçmək üçün "İrəli" düyməsini klikləyin.

Diqqət: Yüklədiyiniz diplom və ya şəhadətnamə aydın oxunan, tam görünən və sizə məxsus olmalıdır. Natamam, keyfiyyətsiz və ya başqa şəxsə aid sənədlərin təqdim edilməsi müraciətinizin qiymətləndirilməsinə mənfi təsir göstərə bilər.



  1. İş təcrübəsi


Bu mərhələdə iş təcrübənizlə bağlı məlumatları diqqətlə və düzgün şəkildə doldurun.


  • Hazırda rəsmi iş yerinizin olub-olmadığını qeyd edin.

  • Ümumi iş stajınızı (il ilə) daxil edin.

  • Təhsil sahəsində iş təcrübənizin olub-olmadığını seçin.

  • Uşaqlarla iş təcrübənizin olub-olmadığını qeyd edin.

  • Əvvəllər İcma əsaslı məktəbəqədər təhsil layihəsində çalışıb-çalışmadığınızı seçin.

  • Bütün məlumatları tamamladıqdan sonra növbəti mərhələyə keçmək üçün "İrəli" düyməsini klikləyin.

Diqqət: İş təcrübəsinə dair təqdim etdiyiniz məlumatlar düzgün və həqiqəti əks etdirməlidir. Məlumatlar müsahibə və sənədlərin yoxlanılması mərhələsində qiymətləndiriləcək. Yanlış məlumatların təqdim edilməsi müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.


  1. Peşəkar İnkişaf


Bu mərhələdə son illərdə iştirak etdiyiniz peşəkar inkişaf fəaliyyətləri barədə məlumatları qeyd edin.


  • Son 3 il ərzində hər hansı təlim, seminar və ya peşəkar inkişaf proqramında iştirak etmisinizsə, "Bəli" seçimini edin.

  • Təlim və ya seminarları təsdiq edən sertifikat, diplom və ya digər sənədiniz varsa, bunu da qeyd edin və tələb olunduğu halda sistemə yükləyin.

  • Əgər bu sahələr üzrə məlumatınız yoxdursa, "Xeyr" seçimini edin.

  • Məlumatları tamamladıqdan sonra növbəti mərhələyə keçmək üçün "İrəli" düyməsini klikləyin.

Diqqət: Peşəkar inkişafla bağlı təqdim etdiyiniz məlumatlar həqiqəti əks etdirməlidir. Təqdim olunan sertifikat və digər təsdiqedici sənədlər aydın oxunan və etibarlı olmalıdır. Yanlış və ya saxta məlumatların təqdim edilməsi müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.


  1. Müraciətin Təsdiqi və Status


Bütün mərhələləri uğurla tamamladıqdan sonra müraciətiniz sistemdə qeydiyyata alınır.


  • Müraciətinizi tamamladıqdan sonra sistemdə "Yeni müraciət" statusu görünəcək.

  • Şəxsi kabinetinizdə "Bax" düyməsi vasitəsilə müraciətinizin məlumatlarına baxa bilərsiniz.

  • Müraciətə dəyişiklik etməyə icazə verilən müddətdə "Düzəliş et" düyməsi vasitəsilə məlumatlarınızı yeniləyə bilərsiniz.

  • Müraciətinizin növbəti mərhələləri və nəticələri barədə məlumatları şəxsi kabinetinizdə status bölməsindən mütəmadi olaraq izləyin.

Diqqət: Müraciətinizi uğurla təsdiqlədikdən sonra qəbul prosesi ilə bağlı bütün yeniliklər və status dəyişiklikləri şəxsi kabinetinizdə əks olunacaq. Müraciətinizin vəziyyətini mütəmadi izləməyiniz tövsiyə olunur. Əlavə məlumat və elanlar barədə məlumatlı olmaq üçün rəsmi internet səhifəsini və sosial media hesablarını da izləməyi unutmayın.



  1. Texniki Dəstək


Daxil olarkən çətinlik yaşayırsınızsa və ya e-poçt, şifrə və digər məlumatlarla bağlı problem yaranıbsa, "Texniki dəstək" bölməsinə klikləyərək bizimlə əlaqə saxlaya bilərsiniz.




Müraciətinizdə aşağıdakı məlumatları mütləq qeyd edin:


👤 Ad, soyad və ata adı

Şəxsiyyət vəsiqənizdə olduğu kimi tam şəkildə qeyd edin.


🆔 FİN kod

Şəxsiyyət vəsiqənizdə qeyd olunan 7 simvolluq FİN kodunu daxil edin.


📞 Əlaqə nömrəsi

Aktiv istifadə etdiyiniz mobil nömrəni düzgün və tam şəkildə qeyd edin.


📧 E-poçt ünvanı

Qeydiyyat zamanı istifadə etdiyiniz e-poçt ünvanını yazın.


💬 Problemin təsviri

Qarşılaşdığınız problemi mümkün qədər ətraflı və dəqiq təsvir edin.


Məsələn:

  • Problemin hansı mərhələdə yarandığını;

  • Hansı əməliyyatı yerinə yetirərkən çətinlik yaşadığınızı;

  • Ekranda görünən xəta mesajını (əgər varsa);

  • Mümkündürsə, problemin ekran görüntüsünü də əlavə edin.


Unutmayın!


📢 Müraciətiniz nə qədər ətraflı və dəqiq olarsa, texniki dəstək komandası probleminizi bir o qədər operativ araşdıraraq həll edə biləcəkdir.



Bütün namizədlərə uğurlar diləyirik!

 
 

2017 - 2026 | İcma əsaslı məktəbəqədər təhsil

bottom of page