top of page

Layihə haqqında

Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqların yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.

2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb. Uğurlu nəticələr göstərən layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişlənib və hazırda 62 şəhər və rayonda fəaliyyət göstərən 1596 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb. Hazırda 24 000  nəfərə yaxın uşaq bu model əsasında erkən təhsilə cəlb olunmuşdur. 

Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən icra olunur.

İcma əsaslı məktəbəqədər təhsilin inkişafı

Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması,  İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması , valideyn birliklərinin yaradılması  və məktəblə birgə əməkdaşlıq nəticəsində  ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Həmçinin, layihə, məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın əlverişsiz kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmaq məqsədini daşıyır. Burada, əsasən vətəndaş cəmiyyətinin məktəbəqədər təhsil xidmətləri göstərməsində potensialının və iştirakının gücləndirilməsi, həmçinin valideynlərin təhsil xidmətlərinin idarə edilməsində və monitorinqində iştirakını dəstəkləyir.

Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil üzrə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqram uşaqların 4 inkişaf sahəsini əhatə edir: sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişaf.

İcma əsaslı məktəbəqədər təhsilin inkişafı
İcma əsaslı məktəbəqədər təhsilin inkişafı

Layihənin fəaliyyətində başlıca olaraq bir neçə məqsəd dayanır:

  • Ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması;

  • Məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə Azərbaycanda, xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi;

  • Valideyn-icma-məktəb əməkdaşlığının yaradılması;

  • Məktəbəqədər təhsil qrupları vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması;

  • Məktəbəqədər təhsilin inkişafı nəticəsində bilavasitə ibtidai təhsilin də keyfiyyətinin artırılması.

2017 - 2026 | İcma əsaslı məktəbəqədər təhsil

bottom of page