İŞƏ QƏBUL FORMUNUN DOLDURULMASI ÜZRƏ TƏLİMAT
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi üzrə 2026 - 2027-ci tədris ili üzrə işə qəbul müsabiqəsi üzrə seçilmiş və ehtiyat namizədlərin şəxsi məlumatlarının, təhsil və əmək fəaliyyəti barədə məlumatlarının, habelə işə qəbul prosesində nəzərə alınması zəruri olan digər məlumatların toplanması məqsədilə vakansiya.ilk5il.az portalında
“İşə qəbul formu” bölməsi yaradılmışdır.
Namizədlərdən şəxsi kabinetlərində bu bölmədəki məlumatları diqqətlə oxumaları, müvafiq sahələri düzgün və tam şəkildə doldurmaları, tələb olunan sənədləri isə müəyyən edilmiş format və ölçü tələblərinə uyğun olaraq sistemə yükləmələri xahiş olunur.
Formada təqdim edilən məlumatlar namizədin məlumatlarının dəqiqləşdirilməsi, fəaliyyət göstərəcəyi ərazi üzrə vəziyyətin qiymətləndirilməsi və işə qəbul prosesinin müvafiq prosedurlara uyğun həyata keçirilməsi üçün istifadə ediləcəkdir.
Vacib: Formanın doldurulması və sənədlərin sistemə yüklənməsi işə qəbulun avtomatik təsdiqlənməsi demək deyil. Təqdim edilən məlumatlar müəyyən edilmiş prosedurlara uyğun olaraq nəzərdən keçirilir.

1. Fəaliyyətə hazırlıq və şəxsi məlumatlar
Namizəd şəxsiyyətini müəyyənləşdirmək və yaşayış yeri barədə məlumat əldə etmək üçün tələb olunan şəxsi məlumatları və faktiki yaşayış ünvanını daxil etməlidir.
Fəaliyyətə başlamağa hazırsınızmı?
Layihə çərçivəsində fəaliyyətə başlamağa hazır olub-olmadığınızı qeyd edin.
Təlimlərdə iştirak edə bilərsinizmi?
Layihə üzrə təşkil ediləcək təlimlərdə iştirak imkanınızı göstərin.
Ad, FİN, əlaqə nömrəsi və e-poçt
Şəxsi məlumatlarınızı düzgün daxil edin. Əlaqə nömrəsinin və e-poçt ünvanının aktiv və əlçatan olmasına diqqət yetirin.
Nəyə görə vacibdir?
Şəxsi məlumatların düzgün təqdim edilməsi namizədin məlumatlarının digər sənədlərlə tutuşdurulmasına, yaşayış yerinin və fəaliyyət göstərəcəyi ərazi ilə bağlı məlumatların dəqiqləşdirilməsinə kömək edir.
2. Yaşayış yeri və fəaliyyət ərazisi
Rayon / Şəhər
Yaşadığınız rayon və ya şəhəri seçin.
Faktiki yaşayış ünvanınız və ya əraziniz
Hazırda yaşadığınız ünvanı və ya ərazini ətraflı qeyd edin.
Fəaliyyət göstərəcəyiniz ərazi
Layihə çərçivəsində fəaliyyət göstərmək istədiyiniz ərazini (məktəbi, təhsil müəssisəsini) qeyd edin.
Nəyə görə vacibdir?
Bu məlumatlar namizədin yaşayış yeri ilə icma mərkəzi arasındakı məsafənin və iş yerinə müntəzəm gedib-gəlmək imkanının qiymətləndirilməsinə kömək edir.
3. İş yerinə məsafə və gediş-gəliş
İş yerinə təxmini məsafəniz nə qədərdir?
Yaşayış yerinizlə nəzərdə tutulan iş yeri arasındakı təxmini məsafəni uyğun seçim əsasında göstərin.
İş yerinə nə qədər müddətə çatırsınız?
İş yerinə çatmaq üçün tələb olunan təxmini vaxtı seçin.
İş yerinə hansı nəqliyyatla gedəcəksiniz?
İş yerinə piyada və ya istifadə edəcəyiniz digər nəqliyyat vasitəsini qeyd edin.
4. İş fəaliyyəti və məşğulluq vəziyyəti
Hazırda işləyirsinizmi?
Hazırkı məşğulluq vəziyyətinizi düzgün qeyd edin.
Hazırda işləyirsinizsə, əsas iş yerinizin adını, vəzifənizi, iş rejiminizi, həftəlik iş saatınızı və iş qrafikinizdə məhdudiyyətlərin olub-olmadığını göstərin.
Diqqət: Əsas iş yeri olan namizədlər icma layihəsində fəaliyyət göstərə bilmək üçün mövcud iş qrafiklərinin layihə üzrə iş rejiminə uyğunluğunu nəzərə almalıdırlar.
İcma layihəsi üzrə fəaliyyət əsas iş vaxtı ərzində həyata keçiriləcəksə, əsas işəgötürənin yazılı razılığı təqdim edilməlidir. Fəaliyyət əsas iş vaxtından sonra həyata keçiriləcəksə, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, belə razılıq tələb olunmur.
İş qrafikinizdə məhdudiyyətlər varsa, onları müvafiq sahədə ətraflı qeyd edin.
5. Məzuniyyətlə bağlı məlumatlar
Yaxın müddətdə təhsil, əmək və ya sosial məzuniyyətə çıxmağı planlaşdırırsınızmı?
Məzuniyyət planınız varsa, aşağıdakı məlumatları daxil edin:
Məzuniyyətin növü;
Ehtimal olunan başlama tarixi;
Ehtimal olunan bitmə tarixi.
Məzuniyyət planınız yoxdursa, əlavə məlumatları yalnız forma tələb etdiyi halda doldurun.
6. Məktəbəqədər yaşlı uşaqlar və icma potensialı
Ərazinizdəki məktəbəqədər yaşlı uşaqlar barədə məlumatınız varmı?
Fəaliyyət göstərəcəyiniz ərazidə məktəbəqədər yaşlı uşaqlar barədə məlumatınızın olub-olmadığını qeyd edin.
İşə qəbul olsanız, neçə uşaq toplaya bilərsiniz? (təxmini)
İcma qrupuna cəlb edə biləcəyiniz uşaqların təxmini sayını göstərin.
Ərazinizdə təxmini neçə məktəbəqədər yaşlı uşaq var?
Fəaliyyət göstərəcəyiniz ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların təxmini sayını qeyd edin.
Bu məlumatları valideynlərlə ünsiyyətinizə və ərazi barədə mövcud məlumatlarınıza əsaslanaraq mümkün qədər dəqiq təqdim edin.
7. Sənədlərin yüklənməsi
Formanın müvafiq hissəsində tələb olunan sənədləri elektron formada yükləyin:
Şəxsiyyət vəsiqəsinin surəti;
Təhsil sənədi (diplom və ya uyğun sənəd);
İmtiyaz və ya xüsusi statusu təsdiq edən sənəd (mövcud olduqda).
Texniki tələblər:
Fayl formatları: PDF, JPG və ya PNG;
Hər bir faylın ölçüsü maksimum 5 MB;
Sənədlər tam və aydın oxunan olmalıdır.
8. Formanın yoxlanılması və təqdim edilməsi
Formanı təqdim etməzdən əvvəl bütün məlumatları diqqətlə yoxlayın.
Şəxsi məlumatların, əlaqə vasitələrinin, fəaliyyət ərazisinin və digər məlumatların düzgünlüyünə, həmçinin tələb olunan sənədlərin yükləndiyinə əmin olun.
Vacib qeyd: Məlumatlarınızı düzgün və tam təqdim etməyiniz xahiş olunur. Formanın doldurulması və sənədlərin yüklənməsi işə qəbulun avtomatik təsdiqlənməsi demək deyil. Təqdim edilən məlumatlar müəyyən edilmiş prosedurlara uyğun olaraq nəzərdən keçiriləcəkdir.
Son tarix: 27.10.2026,
Saat: 18:00
Diqqətinizə görə təşəkkür edirik!