Azərbaycan Respublikasının Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində 2020-21-ci tədris ilində fəaliyyət göstərəcək yeni İcma əsaslı Təhsil Qruplarında çalışacaq tərbiyəçi-müəllimlər üçün onlayn təlimlər keçirilib. Bu artıq cari təhsil ilində yeni tərbiyəçi-müəllimlər üçün ikinci belə təlimlər sessiyasıdır.
Təlimlərin əsas məqsədi tərbiyəçi-müəllimləri layihə və məktəbəqədər təhsil barədə müvafiq mövzularda maarifləndirməkdir.
Noyabrın 16-ından etibarən keçirilən onlayn təlimlərə 196 yeni tərbiyəçi-müəllim cəlb edilib. Onlayn təlimlərdə müxtəlif foto, video materiallar və eləcə də, təqdimatlardan istifadə olunur və hər bir təlim ortalama 1,5-2 saat davam edib.
Təlim mövzuları ilə aşağıdakı siyahıda tanış ola bilərsiniz:
1) İnklüziv təhsilə giriş – İnklüziv təhsil nədir və onun əsasları.
2) Uşaqlarda erkən inkişafın qiymətləndirilməsi.
3) Mentorluq – müəllimlərin müşahidə olunması prosesi.
4) Mentor, koordinator və müəllim arasındakı işgüzar əlaqə və münasibətlər.
5) Uşaqlarda düzgün oxu vərdişləri necə formalaşdırılmalıdır?
6) Valideynlərlə işin qurulması və uşaq portfolioları ilə iş qaydası.
Bu linkə daxil olaraq, ötən təlim sessiyası barədə məlumat ala bilərsiniz: www.icmalayihesi.edu.az/post/telimlere-start-verilib
Erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin
yaratmasını nəzərə alaraq həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra edilir.
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi 2020-21-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının 50 şəhər və rayonunda 500 İcma əsaslı Məktəbəqədər Təhsil Qruplarını əhatə edir. Bu layihədə hər bir İcma əsaslı Məktəbəqədər Təhsil Qrupunda ortalama 20 uşaq olmaqla, ümumilikdə 10000-ə yaxın 3-4 yaşlı uşaq iştirak edir.