Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində çalışacaq yeni tərbiyəçi-müəllimlər üçün təlimlərə start verilib.
Təlimlərin məqsədi növbəti tədris ilində qruplarda çalışacaq yeni tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməkdir.
16 avqust – 7 sentyabr tarixləri aralığında baş tutacaq təlimlərdə ümumilikdə 341 tərbiyəçi-müəllim iştirakı nəzərdə tutulub. Təlimlər həftəiçi 4 gün, hər bir qrupda 28 iştirakçı olmaqla 2 qrup üzrə keçirilir.
Bu təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Beynəlxalq və yerli təcrübələrə əsaslanaraq təlimlərin effektivliyinin artırılması üçün interaktiv metodlardan istifadə edərək, rollu oyunlar, komanda işi, müzakirə və təhlillər kimi üsullardan istifadə edilir. Təlimin keyfiyyətinin ölçülməsi məqsədilə iştirakçı və təlimçilərin monitorinq və qiymətləndirilməsi aparılır.